Skip to main content


      VertiPaq mühərrikinin sirri.

      “Power BI”-da böyük həcmli məlumatlarla işləyərkən saniyələr içində nəticə almaq artıq gündəlik reallığımıza çevrilib. Lakin bu sürətli iş prosesi bizə nə qədər təbii gəlsə də, pərdəarxasında işləyən mühərrikin gücünü və məntiqini nadir hallarda nəzərə alırıq.

      Bu mexanizm “Microsoft Power BI” daxilində işləyən VertiPaq mühərrikidir. “VertiPaq” adı da təsadüfi seçilməyib. “Vertical Packing” anlayışından gəlir və məlumatın sütunlar üzrə ağıllı şəkildə sıxılaraq saxlanılmasını ifadə edir.

      Bəs bu sistem ənənəvi sətirvari (row-oriented) məlumat saxlama üsullarından niyə bu qədər sürətlidir?

      Ənənəvi yanaşmada məlumatlar sətir-sətir oxunur. Bu, o deməkdir ki, sistem hər sorğuda bütün cədvəli gəzir. Təsəvvür edin ki, konkret bir rəqəmi tapmaq üçün bütün kitabı səhifə-səhifə oxumalısınız. Bu yanaşma nəticə verir, amma analitika üçün çox yavaşdır. Xüsusilə də milyonlarla sətirdən ibarət məlumatlar toplusu ilə işləyirsinizsə, bu gecikmə dərhal hiss olunur.

      Məhz burada VertiPaq səhnəyə çıxır bu problemi tam fərqli şəkildə həll edir.

      O, məlumatı sütun əsaslı (columnar storage) formatda saxlayaraq bütün cədvəli yox, yalnız lazım olan hissəni oxuyur.

      Məsələn, “ümumi satış nə qədərdir?” sualında yalnız “satış” sütunu işlənir. Digər bütün məlumatlar prosesə daxil olmur. Bu sadə dəyişiklik performansı kökündən dəyişir.

      Bu mühərrikin gücü təkcə sütun əsaslı struktura yox, həm də ağıllı sıxılma metodlarına əsaslanır.

      1. Lüğət Əsaslı kodlaşdırma (Dictionary Encoding)

      Təkrarlanan mətnlər rəqəmlərlə əvəz olunur.

      powerbi1

      Bu həm yaddaşı azaldır, həm də əməliyyatları sürətləndirir.

      2. Sıxılma (Compression)

      Eyni dəyərlər blok şəklində saxlanılır.

      power bi 2

      Böyük məlumatlar toplusunda bu ciddi optimizasiya yaradır.

      3. Sütun əsaslı icra (Column-based execution)

      Hesablamalar bütün cədvəl üzərində yox, yalnız lazımi sütun üzərində aparılır.

      Bu isə xüsusilə aqreqasiya əməliyyatlarında (SUM, COUNT və s.) böyük performans fərqi yaradır.

      VertiPaq texnologiyasının “Power BI” daxilində işləmə mexanizmi

      “Power BI”-ya məlumat yükləndikdə:

      1. Məlumat VertiPaq-a daxil olunur
      2. Sütunlara bölünür və sıxılır
      3. Operativ yaddaş (RAM) daxilində saxlanılır
      4. DAX sorğuları birbaşa bu optimizasiya olunmuş struktur üzərində işləyir

      Nəticə: disk yox, yaddaş üzərindən işlədiyi üçün cavablar çox sürətli olur.

      VertiPaq xüsusilə:

      • böyük məlumatlar toplusunda
      • interaktiv panellərdə
      • filtr əməliyyatlarında
      • kompleks aqreqasiyalar zamanı

      performansı dramatik şəkildə artırır.

      Ənənəvi sistemlərdə bu əməliyyatlar saniyələr və ya dəqiqələr çəkə bilər, VertiPaq isə onları millisaniyələrə endirir.

      Nəticə

      VertiPaq sadəcə bir saxlanılma sistemi deyil o, “Power BI” performansının əsas mühərrikidir. Sütun əsaslı dizaynı, sıxılma texnikaları və operativ yaddaş daxilində işləmə prinsipi sayəsində böyük məlumatlar üzərində belə interaktiv analitika mümkün olur.

      Əsas ideya isə çox sadədir:

      məlumatı daha ağıllı saxlamaq = daha sürətli analiz etmək


      Author

      Ayyub Mammadli


      Data & AI Consultant
      Data & AI
      KPMG Azerbaijan
      amammadli@kpmg.az