2022-ci il üçün biznes proqnozları
Son iki ildə biznesin üzləşdiyi çətinliklər baxımından indiyə qədər bənzəri olmayan dövr olmuşdur
Son iki ildə biznesin üzləşdiyi çətinliklər baxımından indiyə qədər bənzəri olmayan dövr olmuşdur. Şirkətlər pandemiya reallığına uyğunlaşmağa müvəffəq olublarmı, yoxsa bu proses hələ də davam etməkdədir? Qarşıdakı ilin gündəmini hansı tendensiyalar müəyyən edəcək və liderlər öz sahələrində hansı layihələri reallaşdıracaqlar? Bazarda ESG-transformasiyasına (ətraf mühit, sosial məsələlər və korporativ idarəetmə) geniş miqyaslı axın müşahidə olunacaqmı və bu istiqamətdə real addımlar atılacaqmı?
KPMG şirkətinin MDB ölkələri üzrə İdarəedici Partnyoru Oleq Qoşanskinin 2022-ci il üzrə fikirləri və planlarını sizə təqdim edirik.
Mənim fikrimcə, əvvəlki illərdə olduğu kimi, qarşıdakı ildə də əksər liderlər əməliyyat fəaliyyətinin təmin edilməsi və mənfəətlə müşayiət olunan artım üçün yeni imkanların tapılması kimi ənənəvi, eyni zamanda çox vacib məsələlərlə məşğul olacaqlar. Pandemiya və geosiyasi vəziyyətlə bağlı daha neqativ ssenarilər baş verməzsə, biznes öz proseslərinin səmərəliliyinin artırılması və qəbul edilmiş strategiyaların reallaşdırılması üzrə işlərə davam edəcəkdir. Sözsüz ki, müəyyən mənada irəliləyişə nail olunacaq, lakin mən hər hansı paradiqmal dəyişikliklərin baş verəcəyini gözləmirəm və düşünmürəm ki, bir ildən sonra biz hamımız metadünyada və VR (virtual reallıq) eynəklərdə müştərilər üçün təqdimatlar və hesabat görüşləri keçirəcəyik.
Bu fəaliyyətə təsir edəcək və gündəmi müəyyən edəcək amillərə gəldikdə isə, üç əsas amili vurğulamaq istərdim: texnologiyalar, insanlar və dayanıqlı inkişaf tendensiyası. Bu amillərin hamısı bu və ya digər şəkildə bir-biri ilə əlaqəlidir.
Süni intellekt biznes üçün ən çox tətbiq edilən innovasiyalardan biri olaraq qalacaqdır. Proqnozlaşdırmaya yönələn xidmətlərə isə həm gündəlik proseslərdə, həm də risklər və istehlakçının davranışı ilə bağlı olan mürəkkəb vəziyyətlərdə tələbat vardır. Hərtərəfli avtomatlaşdırmanın tətbiqi aktual və heç də asan olmayan məsələ olaraq qalır. 3-5 il əvvəl rəqəmsal inkişaf dalğasında bir çox şirkətlər çox müxtəlif layihələri pilot formada həyata keçirtdilər və indi isə bu fərqli hissələri vahid sistemlərdə və idarəetmə proseslərində ümumiləşdirmək lazımdır.
İR texnologiyaları çox sürətlə inkişaf edəcək və artıq hamıya aydındır ki, biz “onlayn rejimin qalib gəldiyi” dövrdə yaşayırıq. Pandemiyadan əvvəlki ofislərə və qarşılıqlı əlaqə formalarına dönüş baş verməyəcək. İnsanların bir-birlərini şəxsən tanımadıqları və daha əvvəl birgə çalışma təcrübəsi olmayan komandalarla işləməyi öyrənməli olacağıq. Müxtəlif texnoloji servislər və kommunikativ interfeyslər bu dəyişimi asanlaşdırmalı olsalar da, təəssüflər olsun ki, hazırda bazarda onların sayı çox azdır.
Demək olar ki, bütün şirkətlərin keyfiyyətli kadr çatışmazlığı, vakansiyalara müraciətlərin azalması və əməkdaşların gözləntilərini dəyişməsi problemi ilə üzləşmələrini nəzərə alaraq, biznes işçi heyətinin inkişafı üçün qeyri-maddi motivasiyanı və imkanları gücləndirmək baxımından öz EVP-si (işçi üçün şirkətin dəyəri) üzərində ciddi işləməli olacaq. Bu işdə isə ESG mövzusu mühüm rol oynayacaq.
Əmək haqqı və yaxşı sosial paket baxımından “bazarda” olmaq qətiyyən kifayət deyil. 2000-ci illərdə olan karyera “katapultlarının” hazırkı iqtisadi şəraitdə olmayacağını dərk edən gənclər artıq yaxşı əmək haqqı və sosial paket müqabilində, necə deyərlər, “işlə yaşamağa” hazır deyillər. Bu gün missiyaya malik olmaq, sosial, ekoloji və ya digər öhdəlikləri üzərinə götürmək və ətrafınızdakı dünyanı daha yaxşı etmək üçün nələr etdiyinizi əməkdaşlara izah etmək zəruridir. Əvvəllər bu kimi məsələlər “yaxşı əməllər” kateqoriyasına daxil edilirdisə, bu gün bu, rəhbər şəxslər və direktorlar (müşahidə) şuraları üçün məcburi gündəliyə çevrilir. Aydındır ki, Rusiya biznesi bir neçə “greenwashing” mərhələsindən keçməli olacaq, lakin biz artıq öz müştərilərimizdən görürük ki, şirkətlərin əksəriyyəti öz biznes və əməliyyat modellərini dayanıqlı inkişaf məqsədlərinə uyğun transformasiya etməyə hazırdırlar. Bu tendensiyanın ciddiliyinə və uzunmüddətli olacağına isə artıq heç kim şübhə etmir.
Oleg Goshchansky
Chairman and Managing Partner
KPMG in the CIS